Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfər edib.
Oktyabrın 16-da səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.
Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladılar.
Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Paskuale Yakobone Kommodilla katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.
Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu vurğulayan Komissiyanın prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb.
“Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik”, - deyə o əlavə edib.
Paskuale Yakobone layihə çərçivəsində Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının üzvlərinin 2024-cü ilin iyulunda Azərbaycana yaddaqalan səfərini xatırladıb. O, bu işin yüksək səviyyədə başa çatdırılmasına görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Azərbaycana üç dəfə səfər etdiyini diqqətə çatdırıb, səfərlər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görüldüyünü qeyd edib. Canfranko Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq deyib: “Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Təşkil etdiyimiz səfərlərdə Birinci vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpa olunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq. Görülmüş işlərə görə Birinci vitse-prezidentə dərin təşəkkürümü bildirirəm”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb.
“Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”, - deyə Birinci vitse-prezident qeyd edib.
Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir”.
Birinci vitse-prezident həm Vatikanda, həm də Azərbaycanda bu layihələrdə əməyi olan şəxslərə dərin minnətdarlığını ifadə edərək bildirib: “Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq. Sonda katolik dünyası üçün böyük mənəvi dəyərlər daşıyan “Yubiley İli” münasibətilə hər birinizi təbrik edirəm. Fürsətdən istifadə edərək, sizi Azərbaycana səfərə dəvət edirəm”.
Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında çalışan insanlara burada görülmüş işlərə görə təşəkkürünü bildirib. Bu layihə üzərində bir neçə il çalışdığını deyən bələdiyyə prezidenti Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Kommodilla katakombalarının açılışı olub.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Bildirilib ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub.
Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.
Keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər.
Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, Müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində inşa edilən bu kilsə Romada yerləşən dörd əsas bazilikadan biridir, Roma Katolik Kilsəsinin ən müqəddəs və tarixi məkanlarından sayılır. Bazilikanın daxili hissəsində I Pyotrdan başlayaraq indiyədək bütün papaların mozaika portretləri yerləşdirilib. Vatikanın gur səs-küylü mühitindən uzaqda yerləşdiyi üçün bazilika sakit və ruhani atmosferi ilə seçilir.
Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub.
Xəstəxananın prezidenti Titsiano Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları haqqında məlumat verib.
Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan “Bambino Gesu” pediatrik xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulmuş ilk strukturlar arasındadır.
Diqqətə çatdırılıb ki, “Bambino Gesu” pediatrik xəstəxanası İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, Müqəddəs Taxt-Tacın bir müəssisəsidir.