Prezident İlham Əliyev oktyabrın 11-də Sevil Əliyevanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sevil Heydər qızı Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, oktyabrın 12-də Sevil Əliyevanın 70 yaşı tamam olur.

Bakıda orta məktəbdə, eyni zamanda musiqi məktəbində oxuyan, sonra şərqşünaslıq ixtisası üzrə ali təhsil alan Sevil Əliyeva ötən əsrin 80-ci illərindən bəstəkarlıq sahəsində də fəaliyyət göstərib. Tanınmış sovet nəğməkar şairlərinin (Mixail Taniç, Nikolay Dobronravov, İlya Reznik) sözlərinə mahnılar yazıb. Onub mahnılarını Müslüm Maqomayev, Radmila Karaklaiç (Yuqoslaviya) kimi məşhur müğənnilər ifa ediblər.

Sevil Əliyeva həmçinin akademik Zərifə xanım Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. 2011-ci ildə Moskvada onun valideynləri Heydər Əliyevin və Zərifə Əliyevanın xatirəsinə ithaf etdiyi musiqi albomunun ("The Gallery of Sevil") təqdimatı olub.