Ədəbiyyat üzrə Nobel mükafatının 2025-ci ildə laureatı macarıstanlı yazıçı Laslo Krasnahorkai (Laszlo Krasznahorkai) olub.
Nobel Komitəsi (İsveç) bu barədə qərarını oktyabrın 9-da elan edib.
Komitənin qərarına əsasən, yazıçı mükafata “apokaliptik qorxu fonunda sənətin gücünü bir daha təsdiqləyən təsirli və uzaqgörən yaradıcılığına görə” layiq görülüb.
Laslo Krasnahorkai 1954-cü il yanvarın 5-də Macarıstanın cənub-şərqində, Rumıniya sərhədinə yaxın kiçik Dyula şəhərində anadan olub. Budapeşt Universitetində macar dili və ədəbiyyatı üzrə ali təhsil alıb.
Yazıçının 1985-ci ildə nəşr olunan ilk romanı – “Şeytan tanqosu” ölkəsində ədəbi sensasiyaya çevrilib. Əsər kommunist rejimli Macarıstanın ölümünə tərk edilmiş ucqar qəsəbəsindən, “o dünyadan qayıtmış” qəhrəmanın sakinlərə vəd etdiyi yeni həyatdan bəhs edir. Bu motivlər – donmuş zaman, apokaliptik böhran və tənəzzül hissi yazıçının sonrakı əsərlərində də özünü qabarıq büruzə verib. Laslo Krasnahorkainin üslubunu Nikolay Qoqol, Samuel Bekket və Frans Kafka ilə müqayisə edirlər.
Yazıcıya məşhurluq gətirən əsərləri arasında "Müqavimətin melanxoliyası" (1989), "Müharibə və müharibə" (1999) romanları da var.
İlk dəfə Macarıstanı 1987-ci ildə tərk edərək bir müddət Qərbi Berlində (AFR) yaşayan, kommunist rejiminin süqutundan sonra geri qayıdan yazıçı 90-cı illərdən başlayaraq ABŞ-dən Monqolustan və Çinədək bir sıra ölkələrdə uzunmüddətli səyahətdə olub. Ssenari və esseləri ilə də tanınan Laslo Krasnahorkainin əsərlərində bu səyahətlərin də izləri var. Macarıstanın mövcud iqtidarı (Baş nazir Viktor Orban) ilə yola getmədiyi bildirilən yazıçı hazırda Berlində yaşayır.
Laslo Krasnahorkai 2015-ci ildə Beynəlxalq "Buker" mükafatına (Booker International Prize – ingilis dilində yazılan və ya bu dilə tərcümə edilən ədəbiyyat üzrə ən mötəbər mükafat) layiq görülüb. Laureat olana qədər bir neçə dəfə Nobel mükafatına namizəd göstərilmişdi.
Vüqar Orxan