Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti təqdim edilib.

İlk olaraq səhnəyə Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdində İncəsənət Gimnaziyasının xoru (bədii rəhbər Validə Cəlilova, konsertmeyster Svetlana Əhmədova) çıxıb. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səslənib.

Sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xalq çalğı alətləri orkestri (bədii rəhbər Bəturə Əhmədova), konsertmeysterlər – Mirhüseyn Əsədullayev, Hikmət Abdullayev, Ruhulla Dadaşov, Sevinc Kərimova, Rəna Zəkiyeva, Cəfərli Nurlan, Məmmədov Elnur, Çingiz Absəlimov və Züleyxa Usubovanın müşayiəti ilə solistlər – Murad Nəbizadə (xanəndə), Malik Qədimzadə (piano), Fatimə Fərəcova (qanun), Mirnofəl Həsənov (tar), Nurgün Həsənova (kamança), Nilay Quluzadə (xanəndə), Məhəmməd Quluzadə (violin), Məhəmməd Aslanlı (tar)  və “Qanunçalanlar” ansamblı, Ərtoğrul Balayev (piano), Samirə Musayeva (piano), Adnan Kərimli (zərb aləti), İnci Həsənli (piano), Uğur Nəbi (piano) öz ifalarını təqdim ediblər.

Gənc istedadların rəngarəng ifaları ilə zəngin olan tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu” operalarından, “Arşın mal alan” operettasından parçalar, “Cəngi”, “Çırpınırdı Qara dəniz” və s. əsərləri səslənib

Proqramda bəstəkarlar Azər Rzayev, Fikrət Əmirov, Süleyman Ələsgərov və Emil Əfrasiyabın əsərləri də yer alıb.

Sonda AMK-nın tərkibində İncəsənət Gimnaziyasının xoru Fərhad Bədəlbəylinin “Zəfər marşı”nı (sözləri Yeganə Axundovanındır) ifa edib.

Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilir. Məqsəd gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihənin ideya müəllifi və bədii rəhbəri – filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəl-zadə, koordinatoru Ayla Kərimova-Zəkəriyyədir.