Oktyabrın 3-də ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə nəşr olunmuş “Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 – oktyabr 1919” kitabının təqdimat mərasimi keçirilib.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədiri açaraq deyib: "Biz uzun illər ortaya qoyulmasına imkan verilməmiş Qərbi Azərbaycan həqiqətlərini işıqlandırmaq istiqamətində ardıcıl fəaliyyət göstəririk. Ən yaxın tərəfdaşlarımızdan biri ali məktəblərimizdir. Onların arasında ADA Universiteti xüsusi yer tutur. ADA Universitetinin prorektoru Fariz İsmayılov Milli Məclisdə Qərbi Azərbaycan üzrə yaradılmış təşəbbüs qrupunun üzvü kimi bu məsələdə çox fəal iştirak edir və bütün tədbirlərimizdə yanımızdadır”.
Ə.Ələkbərli təqdimatı keçirilən kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə verdiyini vurğulayıb: “Kitabda 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş vəhşiliklər Azərbaycan mətbuatının materialları əsasında əks olunub. Bu faktlar həm tariximizin, həm də milli yaddaşımızın ayrılmaz hissəsidir”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan tarix boyu dəfələrlə erməni millətçilərinin əsassız iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalıb. “Bu kitab bir daha göstərir ki, xalqımız tarixən basqılara, deportasiyalara, soyqırımı cəhdlərinə baxmayaraq, ciddi müqavimət göstərib. Həmin dövrdə mətbuatda dərc olunan yazılar, sadəcə, quru informasiya deyil, həm də xalqımızın faciələrini, eyni zamanda, mübarizəsini əks etdirən qiymətli tarixi mənbələrdir. Bu kitab hər bir azərbaycanlının stolüstü kitabı olmalı, gələcək nəsillərə milli yaddaşın ötürülməsi baxımından mühüm vəsait kimi dəyərləndirilməlidir”, - deyə deputat qeyd edib.
Aydın Mirzəzadə xatırladıb ki, ermənilər tarixi boyu imperiya dairələrinə yaxın olmaqla, müxtəlif siyasi imkanlardan yararlanaraq Azərbaycan torpaqlarına iddialarını davam etdiriblər. O bildirib ki, XIX əsrin əvvəllərindən başlayaraq, daha sonra 1918-ci ildə və sonrakı illərdə erməni millətçiləri böyük dövlətlərin dəstəyi ilə bölgədə üstünlük qazanmağa çalışıblar. “Tarixi faktlar sübut edir ki, Azərbaycan xalqı daim təzyiqlərə məruz qalıb. Lakin bütün bunlara baxmayaraq, xalqımız milli varlığını qoruyub saxlamağı, mübarizəsini davam etdirməyi bacarıb. Bu kitabda həmin mübarizənin izləri aydın görünür. Ona görə də nəşrin təqdimatı yalnız elmi hadisə deyil, həm də tarixi ədalətin bərpası istiqamətində atılan mühüm addımdır”, - deyə deputat bildirib.
Qyd edib ki, tarixi faktların üzə çıxarılması, arxiv materiallarının toplanması və yeni nəşrlərin hazırlanması Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə mühüm töhfə verir.
Təqdimat mərasimində çıxış edən tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə və başqaları qeyd ediblər ki, araşdırmalar yalnız tarixi faktların üzə çıxarılması ilə məhdudlaşmır, həm də hüquqi müstəvidə dəyərləndirilir. Bu baxımdan əsər Qərbi Azərbaycanda və bütövlükdə xalqımızın 200 illik tarixi boyunca baş verən faciələrin və törədilən cinayətlərin sənədlərlə təsdiq olunmuş salnaməsi kimi qiymətləndirilib.
Çıxışlarda vurğulanıb ki, "Azərbaycan" qəzetində dərc olunan məqalələr, arxiv materialları və müxtəlif mənbələr əsasında hazırlanan bu nəşr təkcə elmi ictimaiyyət üçün deyil, həm də beynəlxalq müstəvidə hüquqi əsas kimi istifadə olunacaq dəyərli mənbədir. Əsərdə yalnız ermənilərin törətdiyi qanunsuzluqlar deyil, eyni zamanda, bu cinayətlərin arxasında duran qüvvələr də təhlil olunur. Bu faktların araşdırılması tarixi ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.























