Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində davam edən XI Bakı Beynəlxalq Kitab Sərgisi (1–7 oktyabr) çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sindən iki poemanın –“Sirlər xəzinəsi” və “İskəndərnamə”nin türk dilində nəşrinin təqdimatı keçirilib.
“Xəmsə”nin türk dilinə tərcüməsi ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir. Əsərləri orijinaldan (fars dili) Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım tərcümə edib.
Tədbirdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin zəngin irsindən, dünya ədəbiyyatına təsirindən, Azərbaycan və Türk dünyası mədəniyyətinə verdiyi töhfələrdən danışıb. O, Azərbaycan dövlətinin Nizami irsinin təbliğinə xüsusi diqqət yetirdiyini qeyd edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin dahi şairin 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi ili” elan edildiyini xatırladıb.
AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən parçalar təqdim edib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova Nizami yaradıcılığının, “Xəmsə”nin əhəmiyyətini, ədəbiyyatın inkişafına verdiyi töhfələri vurğulayaraq, Türkiyədə həyata keçirilən layihələrin şairin irsinin təbliğinə töhfə verdiyini qeyd ediblər.
Nizami əsərlərinin türk dilinə tərcüməçisi Nimet Yıldırım layihənin gedişindən, Azərbaycan və türk ədəbiyyatının zirvəsi olan şairin yaradıcılığının əhəmiyyətindən bəhs edib. O, onun poemalarındakı süjet xətlərinin zənginliyini, şairin dərin fəlsəfi baxışlarını, ədəbiyyatda yeni dövrün əsasını qoyduğunu, xalqın onun əsərlərinə məhəbbətini qeyd edib. Alimin sözlərinə görə, Nizaminin bir çox hikmətli misraları canlı danışıq nitqinə daxil olaraq atalar sözlərinə çevrilib.