Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli və Kral Fəhd adına Milli Kitabxananın direktor müavini Feysal bin Abdulaziz əl-Hamoudi Azərbaycan Milli Kitabxanasında olublar.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Kitabxananın direktoru professor Kərim Tahirovla görüşdə iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması, hər iki ölkəyə aid ədəbiyyat guşələrinin yaradılması, beynəlxalq kitab sərgilərində və müxtəlif tədbirlərdə iştirak məsələləri müzakirə edilib.

Qonaqlar Azərbaycan Milli Kitabxanasının fəaliyyəti barədə məlumat alıb, bir sıra zallara baxıb, nadir nəşrlərlə tanış olublar.

Sonda Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan” və “Bakı simfoniyası” kitablarını hədiyyə edib.