Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 1-də “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Azərbaycan milli memarlığının inkişafı – keçmişdən gələcəyə” başlıqlı tədbir keçirilib.
Mərkəzdə təşkil olunan tədbirdə Qazax rayonunun icra başçısı Rəcəb Babaşov, Qazax-Tovuz RMİ-nin rəis müavini Səbuhi Xasməmmədov, digər rəsmilər, BDU-nun Qazax Filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri, mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə mövzuya dair kitablardan və Azərbaycanın memarlıq nümunələrini əks etdirən rəsmlərdən ibarət sərgilərə baxış keçirilib.
Çıxışlarda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyəti vurğulanıb, Qazax rayonu ərazisində və regionda olan tarixi memarlıq nümunələrindən, mədəni irsin qorunmasından söhbət açılıb.
Tədbirdə “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” sənədli filmi nümayiş etdirilib.
























