Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə 29 iyun – 3 iyul tarixlərində keçirilən Türk Dünyası Həftəsi zəngin proqramı ilə yadda qalıb.
Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşən tədbirlərə türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr qatılıb.
TDT-yə sədrliyi dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirlər silsiləsi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın elmi və mənəvi irsinin yenidən dəyərləndirilməsi, ortaq türk mədəni irsinin təbliği və türk dövlətləri arasında humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının ortaq humanitar məkanının formalaşmasının əsas mənəvi və intellektual dayaqlarından biri olaraq qalır. Dövlət başçısının qeyd etdiyi kimi, Türk Dünyası Həftəsi zəngin tarixi-mənəvi irsin yaşadılmasına, öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.
Həftə çərçivəsində beynəlxalq elmi konfranslar, panel müzakirələri, beş sərgi, təqdimatlar, konsert proqramları və digər mədəni tədbirlər təşkil edilib. Bu tədbirlərdə türk dövlətlərindən və dünyanın müxtəlif ölkələrindən alimlər, türkologiya üzrə tədqiqatçılar, dövlət rəsmiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Proqrama uyğun olaraq təşkil edilmiş tematik sərgilərdə Birinci Türkoloji Qurultayın tarixi irsi, türk xalqlarının ortaq mədəni dəyərləri və zəngin mədəni irsi nümayiş etdirilib. Bununla yanaşı, yubiley münasibətilə hazırlanmış xüsusi sənədli filmin, eləcə də süni intellekt texnologiyalarından istifadə olunmaqla ərsəyə gətirilmiş innovativ filmin təqdimatı keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Türk Dünyası Həftəsi çərçivəsində nəşr fəaliyyəti də xüsusi yer tutub. Təxminən on adda elmi nəşr və kitab ictimaiyyətə təqdim edilib, onların əksəriyyətində Birinci Türkoloji Qurultay və türkologiya sahəsində aparılmış yeni elmi araşdırmaların nəticələri öz əksini tapıb. Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilmiş Birinci Türkoloji Qurultayın yeni stenoqrafik materialları gələcək tədqiqatlar üçün mühüm mənbə kimi əhəmiyyət daşıyır. Nəşrə sovet dövründə müxtəlif səbəblərdən dərc edilməmiş çıxışların da daxil edilməsi Qurultayın elmi irsinin daha dolğun şəkildə bərpasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə olub,
Tədbirlər zamanı Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, ortaq dil və mədəni irsin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi, türk xalqlarının ortaq yaddaşının möhkəmləndirilməsi, müasir dövrdə humanitar inteqrasiyanın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türk Dünyası Həftəsinin ən mühüm nəticələrindən biri tədbir iştirakçıları tərəfindən "Xankəndi Bəyannaməsi"nin qəbul edilməsi olub. Bəyannamədə elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyən edilib, Birinci Türkoloji Qurultayın ideyalarına sadiqlik bir daha təsdiqlənib.
Bəyannamədə Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təşəbbüsü, yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Sərəncamı və Türk dünyasının inteqrasiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib. Eyni zamanda, yubiley münasibətilə təbriklərini çatdıran dövlət başçılarına, beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara təşəkkür ifadə edilib.
Həftə çərçivəsində iştirakçılar Bakıda Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi məkanlarla tanış olub, daha sonra Qarabağa səfər edərək Xankəndidə təşkil olunan yekun tədbirlərdə iştirak edib, bununla da Türk dünyasının ortaq tarixi yaddaşı ilə Azərbaycanın müasir inkişaf reallıqları arasında mənəvi və tarixi bağlılıq bir daha nümayiş etdirilib.
"Türk Dünyası Həftəsi" bir daha nümayiş etdirdi ki, yüz il əvvəl Bakıda əsası qoyulan ideyalar bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən humanitar əməkdaşlığın ideoloji təməlini təşkil edir. Azərbaycan isə bu prosesin təşəbbüskarı və fəal iştirakçısı kimi ortaq dəyərlərin qorunmasına, mədəni inteqrasiyanın dərinləşdirilməsinə və Türk dünyasının gələcək inkişafına bundan sonra da ardıcıl töhfə vermək əzmindədir.
Keçirilmiş tədbirlər, qəbul edilmiş qərarlar və formalaşmış yeni əməkdaşlıq istiqamətləri "Türk Dünyası Həftəsi"nin təkcə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər toplusu deyil, həm də Türk dünyasının ortaq elmi, mədəni və humanitar əməkdaşlığının gələcək inkişafı üçün mühüm beynəlxalq platforma olduğunu bir daha təsdiqləyib.





















