AMEA-nın Folklor İnstitutu, Azərbaycanın və Türkiyənin UNESCO üzrə Milli komissiyaları, Türk Mədəniyyəti və İrsi Fondu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə 2-3 iyul tarixlərində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpozium keçirilib.
Bu barədə Folklor İnstitutundan məlumat verilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbirin açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNESCO üzrə Türkiyə Milli Komissiyasının idarə heyətinin sədri Öcal Oğuz, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Mustafa Şabanov çıxış ediblər.
M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru akademik Kenjexan Matıjanov, Hacettepe Universitetinin professoru Dr. Özkul Çobanoğlu, Ege Universitetinin Türk Dünyası Araştırmaları İnstitutunun professoru Dr. Metin Ekici, Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun professoru Dr. Jabbor Eshonqulov, AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev və digər çıxışçılar simpozium çərçivəsində aparılan elmi müzakirələrin ortaq türk elmi düşüncəsinin formalaşmasına töhfə verəcəyinə əminlik ifadə ediblər.
Simpozium çərçivəsində "XXI əsrin fəlsəfi-antropoloji paradiqmasında türkoloji folklorşünaslıq: nəzəri və metodoloji yanaşmalar" mövzusunda I panel iclası keçirilib.
Bağlanış iclasında panel rəhbərləri rəhbərlik etdikləri bölmələr üzrə müzakirələrin nəticələrini təqdim ediblər. İ
Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev simpoziumun keçirilməsində əsas məqsədin türk xalqlarının ortaq tarixi-mədəni dəyərlərinin elmi müstəvidə araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən davamlı əməkdaşlıq platformasının formalaşdırılması olduğunu bildirib.






















