AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Leyla Kərimova I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumda çıxış edib.
Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.
İnstitutun əməkdaşı “Qoşiq şeir janrının özbək folklorunda yeri və önəmi” mövzusunda məruzə edib, geniş və əhatəli çıxışına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunub.
Qeyd edək ki, simpozium AMEA-nın Folklor İnstitutu, Azərbaycanın və Türkiyənin UNESCO üzrə Milli komissiyaları, Türk Mədəniyyəti və İrsi Fondu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilib.
Türk Dünyası Həftəsi çərçivəsində təşkil olunan elmi toplantıda türkoloji folklorşünaslığın nəzəri və praktik məsələləri, türk xalqlarının ortaq mədəni irsinin qorunması və öyrənilməsi istiqamətləri müzakirə olunub.





















