Sentyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avropa Dilləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Belçika və Polşanın ölkəmizdəki səfirləri də iştirak ediblər.
ADU-dan bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova açılış sözündə bu əlamətdar günə həsr olunan tədbirin əhəmiyyətindən danışıb.
Rektor Kamal Abdulla Belçika və Polşa diplomatlarını universitetdə görməkdən məmnunluğunu bildirərək qeyd edib ki, ADU-da iyirmidən çox dil tədris olunur. Tələbələr müxtəlif mübadilə proqramlarında iştirak edirlər. ADU-nun QS reytinqlər cədvəlində uğurlu nəticə əldə etməsindən danışan rektor beynəlxalq əlaqələrin qurulmasında görülən işlər haqqında məlumat verib.
Polşa səfiri Pavel Radomski ölkələr arasında elmi, mədəni əlaqələrin qurulmasının vacibliyindən danışıb. Bildirilib ki, ADU-da polyak dilinin tədrisi bu əlaqələrin inkişafına müsbət töhfə verir.
Belçika səfiri Julyen de Frepon Avropa Dilləri Gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. O, multikulturalizmin, dil müxtəlifliyinin Avropa İttifaqının əsasını təşkil etdiyini söyləyib. Vurğulanıb ki, müasir dünyada dil və mədəniyyət xalqların bir-birinə yaxınlaşması və tanıdılması baxımından böyük önəm kəsb edir.
Görüş tələbələrin sualları ilə davam edib.
Qeyd edək ki, Avropa Dillər Günü (26 sentyabr) Avropa Şurası və Avropa Birliyi tərəfindən ortaq şəkildə 2001-ci ildə təsis olunub.