Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka (ABŞ) gediblər.

Sentyabrın 24-də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub.

Özbəkistan Respublikası və Dünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus xüsusi sessiyada gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı aktuallığından danışdılar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşdülər.

Qeyd edilib ki, sessiyanın təşkilindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı ildən-ilə artır. Statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını dəyişir.

Tədbir panel iclaslarla davam edib.