18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis olunan bu gün hər il təntənə ilə qeyd edilir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Musiqi Günü münasibətlə biblioqrafik icmal və ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, ənənəvi sərgidə musiqi tariximiz, musiqi korifeylərimiz haqqında nəşrlər nümayiş olunur.

Kitabxananın saytında yerləşdirilən (https://ryl.az/funds/biblioqrafik-icmal) biblioqrafik icmalda Milli Musiqi Günü haqqında Ümummilli Lider Heydər Əliyevin fərmanı, bu günün tarixi haqqında qısa məlumat yer alıb. Həmçinin görkəmli şəxsiyyətlərin dəyərli fikirləri, şair, publisist Əli Nəcəfxanlının “Milli musiqimizin atası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevin “Musiqimizin zəfər təranələri” adlı məqalələrinin tam mətni dərc olunub. Materialda Milli Musiqi Günü haqqında kitabların biblioqrafik icmalı, dövri mətbuatda çap olunan əsərlərin siyahısı yerləşdirilib.

18 sentyabr həm də görkəmli Azərbaycan bəstəkarı və dirijoru Müslüm Maqomayevin (1885-1937) doğum günüdür. Bununla əlaqədar olaraq Gənclər Kitabxanasında dahi bəstəkar haqqında tanıtım videoçarxı və Müslüm Maqomayevin anadan olmasının 140 illiyi ilə əlaqədar “Klassik musiqimizin Müslüm zirvəsi” adlı məlumat bülleteni hazırlanıb.

“Klassik musiqimizin Müslüm zirvəsi” adlı məlumat bülleteni də kitabxananın saytında (https://ryl.az/funds/melumat-b%C3%BClleteni) yerləşdirilib.