18 sentyabr – Milli Musiqi Günü bu il də ölkəmizdə geniş şəkildə qeyd edilir. Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Ümummilli lider, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəylininın doğum gününün musiqi bayramıı kimi qeyd edilməsi ənənəsini Ulu öndər Heydər Əliyev qoyub. Onun 1995-ci ildə – bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bu gün münasibətilə silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri yada salınır.
Bu gün Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümüdür. 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyi münasibətilə sərəncam imzalayıb.
Görkəmli bəstəkarın anadan olduğu gün həm də ənənəvi olaraq Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Bu il festival 17-ci dəfə zəngin proqramla tamaşaçıların görüşünə gələcək.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək. Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq. Festival bu il də bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirəcək.