Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə, 86 yaşında Münxen şəhərində (Almaniya) vəfat edib. 

Sənətkar bir neçə il idi ki, Almaniyada yaşayırdı. 

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq göstərib, dram dərnəyində çıxış edib. 1958–1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu) təhsil alıb.

1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayan aktyor burada "Sən niyə yaşayırsan?", "Həyat necə də qısadır", "Pik saatı", "Öz yolunla", "Valentin və Valentina", "İvanov", "Qumluqdakı ev", "Aydın", "Şeyx Sənan", "Qurdlar və quzular", "Artist və onun kölgəsi", "Arzu tramvayı" və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb.

1950-ci illərin sonlarından filmlərə dəvət alan aktyor kino tariximizdə də zəngin iz qoyub, "Ögey ana" (çoban Ayaz) “Böyük dayaq” (partkom Şirzad), “Ulduz” (Bəxtiyar), “Arşın mal alan” (1965, Süleyman bəy), “Bir cənub şəhərində” (Cahangir, jurnalist), “Ən vacib müsahibə” (Zaur, radio jurnalisti), "Babək" (Xəlifə Məmun), "Nizami" (Qızıl Arslan), "Birisigün gecəyarısı" (çekist Məmmədov) və s. filmlərdə maraqlı rollar oynayıb.

Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə "Birisigün gecəyarısı" filminin yaradıcı heyəti ilə birlikdə respublikanın Dövlət mükafatına, 2009-cu ildə “Şöhrət”, 2019-cu ildə “Şərəf” ordenlərinə layiq görülüb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Hacı Murad Yagizarovun vəfatı ilə bağlı sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin.