Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi açılıb.

Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən sərgidə yer alan unikal xalçaların əksəriyyəti ilk dəfə ölkəmizdə nümayiş olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan rəssam Faiq Əhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirib.

“Təqdim edilən əsərlər bundan əvvəl ABŞ-nin Havay, Kaliforniya ştatlarının, Nyu-Orlean şəhərinin, Niderland, İsveç və digər ölkələrin nüfuzlu muzeylərində nümayiş etdirilib. Bu sərgidə, həmçinin “Sosial anatomiya” (2016) və “Sən bir sirsən” (2024) adlı videoçarxlar da yer alıb. Almaniyada işıq üzü görmüş “Faig Ahmed” adlı yeni kitabın təqdimatı da reallaşacaq”, - deyə Ə.Məlikova əlavə edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov rəssamın yaradıcılığını yüksək qiymətləndirib. Bu sərgini uzun müddətdir gözlədiyini diqqətə çatdıran C.Səlimxanov deyib: “Faiq Əhməd qeyri-adi düşüncəyə və yaradıcılığa sahib sənətkardır. O, daim dünya trendlərini izləyir və öz üzərində işləyir. Onun 13 illik fəaliyyətinin bəhrəsini burada görürük. Bu əsərlər müasir incəsənət anlayışımıza töhfə verir. Dünyada Azərbaycanın mədəni brendinə çevrilən sənətkarın işlərində həm kompüter texnologiyası, həm də insan əməyinin harmoniyasını görürük. Müəllifin əsərləri indiyədək Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi, Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər mötəbər mədəniyyət müəssisələrinin kolleksiyalarına daxil edilib”.

Rəssam Faiq Əhməd yaradıcı komandasının əməyini xüsusi vurğulayaraq sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi dekabrın 30-dək davam edəcək.