Azərbaycan Turizm Bürosu (ATB) tərəfdaşlarla birgə Vyetnamın Xo Şi Min şəhərində keçirilən XIX Beynəlxalq Turizm Sərgisində (ITE HCMC) ölkəmizin turizm imkanlarını nümayiş etdirir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, “Experience Azerbaijan” stendinin ziyarətçilərinə ATB nümayəndələri və turizm sahəsinin tərəfdaşları tərəfindən ölkəmiz haqqında məlumat verilir və potensial əməkdaşlıq imkanları dəyərləndirilir.
Vyetnama səfər çərçivəsində ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmit sentyabrın 8-də Hanoi Ticarət və Turizm Kollecində Azərbaycanda turizmin inkişafı və səyahət imkanları barədə təqdimatla çıxış edəcək.
Qeyd edək ki, 30-dan çox ölkədən iştirakçının qatıldığı “ITE HCMC” sərgisi Asiyanın aparıcı turizm və səyahət tədbirlərindən biridir və Vyetnam ilə beynəlxalq turizm bazarı arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayır.
Sentyabrın 6-da başa çatacaq sərgi yeni istiqamətlərin təqdimatı, səyahət trendlərinin araşdırılması, strateji tərəfdaşlıqların qurulması, brendin Asiya və daha geniş regionda tanıdılması üçün imkanlar təqdim edir.