Laçın şəhərində "MDB-nin Mədəniyyət Paytaxtı – 2025" tədbirləri çərçivəsində təşkil olunan “MDB ölkələrinin Gənclər Düşərgəsi” başa çatıb.
Düşərgənin bağlanış mərasimində çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov layihənin "MDB-nin Mədəniyyət Paytaxtı" Laçının beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini söyləyib.
Xüsusi nümayəndə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər torpaqlarımız kimi, Laçın rayonunda da geniş infrastruktur layihələri həyata keçirilir. Qeyd olunub ki, Laçın şəhərində gənclərin istedad və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb. Şəhərdə qurulan kinostudiya, yaradıcılıq mərkəzi, qalereya və s. mədəni mühitin canlandırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Məsim Məmmədov Laçında gerçəkləşən beynəlxalq mədəniyyət layihələrinə dəstək verən qurumlara və şəhərə təşrif buyurmuş gənclərə təşəkkürünü bildirib.
Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev deyib ki, 26 avqust – Laçın Şəhəri Gününə həsr olunan gənclər düşərgəsinin, MDB ölkələri arasında mədəni inteqrasiyaya töhfə verməklə yanaşı, dövlətimiz tərəfindən dirçəldilən Laçın şəhərində yaradıcı mühitin inkişafında da rol oynayacaq.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu icraçı direktorunun müavini Elvira Dolya, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, bu qəbildən layihələr yaradıcı gənclər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına zəmin yaradır.
Tədbir iştirakçıları Laçının "MDB-nin Mədəniyyət Paytaxtı" elan olunmasına və gənclər düşərgəsinə həsr edilən videoçarxları izləyiblər.
Sonda ölkəmizdən və xaricdən düşərgəyə qatılan gənclərə, eləcə də layihənin reallaşmasında iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.
Bağlanış mərasimi bədii hissə ilə başa çatıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası və MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə keçirilən düşərgədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan gənclər iştirak ediblər.
Laçın Şəhəri Günü çərçivəsində eyni zamanda “MDB ölkələrinin Kino Günləri” gerçəkləşib.
Avqustun 28-də beynəlxalq tədbirlərin iştirakçıları üçün Şuşa şəhərinə də səfər təşkil edilib.