Laçın şəhərində davam edən “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində avqustun 27-də ustad dərsləri təşkil olunub.

"HoçazFilm" studiyasında “Pantomim - aktyor sənətinin tərkib hissəsi kimi” adlı ustad dərsi Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru, aktyor, pedaqoq Ceyhun Dadaşov tərəfindən aparılıb. İnteraktiv formatda keçən dərsdə rejissor gənclərə aktyor sənəti və pantomimanın spesifik xüsusiyyətləri barədə məlumat verib. Gənclər rejissorun pantomima oyun manerası ilə bağlı tapşırıqlarını əyani icra ediblər.

Rəssamlıq üzrə ustad dərsi isə Laçın şəhərindəki "Yurd" qalereyasının yaxınlığında açıq havada təşkil olunub. Gənclər Xalq rəssamı Əşrəf Heybətovun rəhbərliyi ilə şəhərin ecazkar mənzərələrini müxtəlif rakurslardan kətan üzərinə köçürüblər. Dərs gedişində Xalq rəssamı gənclərə öz tövsiyələrini verib.

Daha bir ustad dərsi keramika sənətinə həsr olunub. Rəssam-keramist Emin Ələkbərov Azərbaycanda bu sahənin qədim tarixi və zəngin ənənələri olduğu diqqətə çatdırıb, gənclərə keramika və gil qabların hazırlanma prosesini izah edib. İştirakçılar öz əl işlərini hazırlayaraq boyayıblar.

Azərbaycanlı və MDB ölkələrindən gələn gənclər ustad dərslərindən zəngin təcrübə və unudulmaz təəssürat qazanıblar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə keçirilən düşərgə avqustun 28-də başa çatacaq.

Xatırladaq ki, Laçın şəhər 2025-ci il üçün "MDB-nin Mədəniyyət Paytaxtı" missiyasını daşıyır.