Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin Qala qəsrində Xalq rəssamı Əşrəf Heybətovun sərgisi açılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, “Doğma Qala” adlı sərgidə rəssamın doğulduğu və yaradıcılıq ilhamı aldığı Qala kəndinə həsr edilən, Abşeronun təbiətini, mənzərələrini və milli-mədəni ruhunu əks etdirən 20-dən çox əsəri nümayiş olunur.

Əsərlərdə rəssamın fərdi üslubu, koloristik zənginliyi və Abşeronun bədii-estetik ovqatını duymaq mümkündür.

Tədbirdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Rüfət Mahmud da iştirak edib.

Çıxış edənlər sənətkarın yaradıcılıq məziyyətlərindən söz açıblar. 

Tədbir çərçivəsində Əşrəf Heybətov Şüvəlan Gənclər evində fəaliyyət göstərən gənc rəssamlarla görüşərək onlara ustad dərsi keçib.

Daha sonra həmin gənclərin əl işləri muzey kompleksində açıq səma altında təşkil olunmuş sərgidə nümayiş olunub.

Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi avqustun 28-dək Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində baxış üçün açıq olacaq.