AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmovla görüşüb.

Bu barədə AMEA-dan məlumat verilib.

Görüşdə akademik İsa Həbibbəyli AMEA-da yaradılmış Elektron Akademiya şöbəsinin fəaliyyəti, rəqəmsal texnologiya və süni intellektin tətbiqi, həmçinin elmi qurumun elektron sənəd dövriyyəsi və elektron elm sahəsində həyata keçirdiyi tədbirlər, bu sahə üzrə aparılan tədqiqatlar barədə danışıb. AMEA-nın elmi bölmə və mərkəzlərində, elmi-tədqiqat institutlarında, müəssisə və təşkilatlarında da elektron xidmətlər şöbələrinin yaradıldığını vurğulayan İsa Həbibbəyli bu məqsədlə fəaliyyətin daha da genişləndiriləcəyini deyib.

AMEA rəhbəri İnnovasiyalr Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Xüsusilə “İnnovasiyalr Mərkəzi” MMC-nin tabeliyində fəaliyyət göstərən “ASAN Süni intellekt Mərkəzi” ilə əməkdaşlığın yaradılmasının perspektivlərini yüksək dəyərləndirib.

“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov çıxışında “ASAN Süni intellekt Mərkəzi”nin fəaliyyət istiqamətləri barədə məlumat verib. Mərkəzlə AMEA-nın əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını vurğulayan Vüsal Rüstəmov AMEA-nın elmi qurumları ilə birgə fəaliyyətin səmərəliliyinə əminliyini ifadə edib. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə bir sıra elm sahələri üzrə birgə əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətindən bəhs edib.

AMEA Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov şöbənin fəaliyyət istiqamətləri, şöbənin baş mütəxəssisi texnika üzrə fəlsəfə doktoru Tuncay Həbibbəyli süni intellekt, rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.

“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov və direktorun müşaviri Ləman Əhmədova Elektron Akademiya şöbəsinin fəaliyyəti ilə tanış olublar.