Milli Kitabxana “26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edib.
26 avqustun Azərbaycan muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan qeyd olunması barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və bu şəhərdə keçirilən musiqi festivalının təşkilatçıları tərəfindən qəbul edilib.
Qərarın qəbul edilməsi Azərbaycan xalqının milli sərvəti olan muğamın artıq bəşəri musiqiyə çevrildiyini təsdiqləyir. Bu tarix muğamsevərlər, habelə ömrünü bu qədim sənətin yaşadılmasına və təbliğinə həsr edənlər üçün xüsusi əhəmiyyət daşıyır.
Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, dövri mətbuat materialları, kitablar tam mətnləri ilə təqdim olunur.
Ənənəvi kitab sərgisində Azərbaycan muğam dəstgahının tarixi, muğamların təsnifatı, inkişaf mərhələləri, instrumental muğamlar və onların ifaçılıq nəziyyətləri, Azərbaycanın musiqi xəzinəsi, Qarabağ xanəndəlik məktəbi və tanınmış xanəndələr, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolu və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.