“TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.

Proqramın müəllifi və aparıcısı Səidə Ömər bildirib ki, Bəxtiyar Vahabzadənin adı təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük ehtiramla xatırlanır. Şairin yaradıcılığına qardaş Türkiyədə də böyük hörmət və maraq var. Xüsusilə vətəndaşlıq ruhu, milli düşüncə və azadlıq ideyaları, hər iki ölkənin birlik və bərabərliyini əks etdirən şerləri Türkiyə ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bəxtiyar Vahabzadə həm də Türk dünyasının birliyi üçün çalışan görkəmli şəxsiyyətlərimizdən idi.

Səidə Ömər qeyd edib ki, şairin həyat və yaradıcılığına həsr olunan proqram Azərbaycan Prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyi haqqında sərəncamından irəli gələrək hazırlanıb: "Verilişdə şairin seçilmiş şeirlərini səsləndirdim. Bununla yanaşı, proqramda Bəxtiyar Vahabzadənin əsərlərinə bəstələnmiş mahnılar Azərbaycanın məşhur sənətçilərinin ifasında dinləyicilərə təqdim olundu”.

Xatırladaq ki, “Azərbaycan rüzgarı” proqramı 2024-cü ildən etibarən hər bazar günü “TRT İstanbul” radiosunun “TRT Türkü” kanalında yayımlanır.