Xəbər verdiyimiz kimi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il beşincisi təşkil olunan Mədəniyyət Yolu Festivalı davam edir.
Bu il 20 şəhəri (hər şəhərdə 9 gün olmaqla) əhatə edən festivalın növbəti, sayca 9-cu ünvanı 16-24 avqust tarixlərində Ərzurum olacaq. Festivalın bu mərhələsində Azərbaycan da iştirak edəcək.
Festival çərçivəsində avqustun 22-də Ərzurum şəhərində “Can Azərbaycandan sevgilərlə” adlı konsert proqramı təşkil olunacaq.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (Ankara) dəstəyi ilə keçiriləcək konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu çıxış edəcək.
Xalq artisti Mənsum İbrahimov, "Muğam" televiziya müsabiqəsi laureatı Aytən Məhərrəmova (xanəndə), Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Elnur Əliyevin (nağara) iştirakı ilə Ərzurum İbrahim Erkal Dadaş Mədəniyyət və Sənət Sarayında Azərbaycan muğamları və xalq mahnılarından ibarət proqram təqdim olunacaq.
Türkiyədəki AMM-nin nəzdində fəaliyyət göstərən "Zəngəzur" Azərbaycan xalq rəqsləri ansamblı da konsertdə çıxış edəcək.