Xalq artisti Afaq Bəşirqızı (Afaq Bəşir qızı Səfərova) “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev avqustun 14-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, aktrisa Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.
Qeyd edək ki, avqustun 15-də Afaq Bəşirqızının 70 yaşı tamam olur.
O, peşəkar səhnə fəaliyyətinə 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. 1989-cu ildə Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) dəvət alıb. Teatr yaradıcılığı ilə yanaşı, bir sıra filmlərdə və televiziya tamaşalarında da çəkilib. Səhnədə və ekranda yaratdığı bir-birindən maraqlı, xarakterik obrazlarla geniş tamaşaçı rəğbəti qazanıb.
Aktrisanın yaradıcı fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına, müxtəlif illərdə Prezident mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət" ordeni ilə, 2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu" ilə təltif olunub. Həmçinin 2015-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.
Afaq Bəşirqızını 70 illik yubileyi və növbəti dövlət təltifi münasibətilə təbrik edirik! Xalq artistinə cansağlığı arzulayırıq!