Almaniyanın Bavariya bölgəsində ənənəvi musiqi bayramı – XXIX İmmlinq Beynəlxalq Opera Festivalı avqustun 10-da möhtəşəm qala-konsertlə başa çatıb. “Grande Finale” konsertində İmmlinq Opera Festivalı orkestri Almaniya, Gürcüstan, Çin, Cənubi Afrikadan dirijorlar, eləcə də Azərbaycandan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev idarə edib.

Azərbaycanlı dirijor artıq beşinci dəfə bu festivala dəvət alır. Əvvəlki illərdə Akademik Opera və Balet Teatrının orkestri də bu mötəbər musiqi bayramına qatılıb və Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin əsərləri səslənib.

Bu dəfə dirijorumuzla bərabər İtaliya, İspaniya, Meksika, Gürcüstan, Bolqarıstan, Livan, Çin, Misir və Latviyadan dəvət olunmuş  opera müğənniləri rəngarəng proqram təqdim ediblər. Dörd saata yaxın davam edən konsertdə C.Verdi, C.Puççini, P.Maskanyi, C.Rossini, J.Bize, C.Gerşvin, L.Bernstayn, F.Zuppe, F.Leqar və digər bəstəkarların operalarından parçalar sürəkli alqışlarla qarşılanıb.

Konsertin son əsəri olaraq azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsi ilə orkestr və bütün müğənnilər C.Verdinin “Traviata” operasından “Libiamo” əsərini bərabər təqdim ediblər.

Festivalın rəhbəri Lüdviq Bauman və bədii rəhbəri Korneliya fon Kersenbrok dinləyicələrin adından müxtəlif ölkələrdən dəvət olunmuş müğənni və dirijorlara təşəkkürlərini bildirib.

Qeyd edək ki, iyunun 21-dən başlayan festival günlərində J.Bizenin “Karmen”, V.Mosartın “Sehirli fleyta”, C.Verdinin “Taleyin gücü”, C.Puççinin “Manon Lesko” operaları təqdim olunub, “O Sole Mio”, “Concerto Aranjues” kimi yeni konsert proqramlarının premyeraları keçirilib.