Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesinin ikinci mərhələsinin nəticələrinə əsasən, növbəti təlimlərə başlanılır. Attestasiya zamanı 3 əleyhinə, 2 lehinə səs nisbəti ilə qiymətləndirilmiş 70-dən çox təhsilverən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil edilən təlimlərə cəlb olunacaq.

Tədris proqramları attestasiya komissiyalarının müəyyən etdiyi təlim ehtiyaclarına uyğun olaraq hazırlanıb və təhsilverənlərin nəzəri biliklərinin, praktiki bacarıqlarının, həmçinin müasir tədris metodlarına yiyələnmələrinin təmin edilməsinə yönəlib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən təlimlərin ikinci mərhələsində fortepiano, musiqi nəzəriyyəsi, tar, kamança, qarmon, xanəndəlik və nağara ixtisasları üzrə iştirakçılar zəngin proqram əsasında dərslərə cəlb olunaraq hər bir ixtisas üzrə nəzəri biliklərlə yanaşı, praktiki ifa bacarıqlarını da inkişaf etdirmək imkanı qazanacaqlar.

İki ay davam edəcək təlimlərin yüksək səviyyədə təşkili üçün pedaqoji təcrübəyə malik ixtisaslı müəllimlər və mütəxəssislər prosesə cəlb olunub. Proqram müddətində iştirakçılara həm fərdi, həm də qrup şəklində tədris metodları, interaktiv dərs modelləri, yeni təhsil texnologiyalarından istifadə imkanları təqdim ediləcək.

Təlimlərdən sonra iştirakçılar müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı və müsahibə mərhələsinə qatılaraq uğurlu nəticə əldə etdikləri halda yenidən məktəblərdə pedaqoji fəaliyyətlərini davam etdirə biləcəklər.

Bu təşəbbüs müəllimlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin yaradıcılıq potensialının daha dolğun inkişafına töhfə verəcək.

Təlimlərin başlanması ilə bağlı iştirakçılara yaxın günlərdə elektron poçt və SMS məlumatlandırma xidməti vasitəsilə bildirişlər göndəriləcək.