Bu gün də maraqla baxılır...

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Mədəniyyət Nazirliyinin dəstəyi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə bu yay mövsümündə “Bulvarda kino axşamı” adlı yeni layihə həyata keçirir. Bakılıların və şəhərin qonaqlarının marağına səbəb olan layihənin ilk nümayişi “Görüş” bədii filmi oldu. Bir neçə nəsil kino həvəskarlarının maraqla baxdığı filmin bu il 70 yaşı tamam olur...

Ekran əsəri 1955-ci ildə lentə alınıb. Film Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsindən yenicə (1954) məzun olmuş Tofiq Tağızadənin ilk müstəqil işi idi.

Azərbaycan və Özbəkistanın bir-biri ilə yarışan kolxozçu pambıqçılarının dostluğundan bəhs edən kinolentdə xalqımızın məişəti, adət-ənənələri, qonaqpərvərliyi, mənəvi-əxlaqi dəyərləri öz əksini tapıb. Eyni zamanda, nəzərə almağa dəyər ki, SSRİ dövründə kino sənayesi müəyyən mənada diqqət mərkəzində idi və filmin siyasi konteksti komediya janrı ilə vəhdət təşkil edib. Ona görə də bu ekran əsərində indi də gülüş doğuran çoxlu yumoristik nüanslar var. Hadisələrin dəqiq və diqqətlə yoxlanılmış məntiqi ardıcıllığı tammetrajlı bədii filmin ideoloji məzmununa əlavə olub və tanınmış aktyorların rəngarəng, inandırıcı ifası Sovet İttifaqında böyük uğur qazanmış komediya filminin ifadə gücünü artırıb.

Filmin süjetinin mərkəzində özbək qızı Lala (Nelya Ataullayeva) və azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) məhəbbət hekayəsi yer alıb. Kinolentin əsas qəhrəmanının əmək qabaqcılı Lalaya ülvi hissləri onu bivec və tənbəl oğlandan istehsalat ustasına çevirir...

Azərbaycan filmdə yaratdığı obraz Daşkənd Teatr-İncəsənət İnstitutunun Aktyorluq fakültəsinin məzunu Nelya Ataullayeva üçün kinoda ilk baş rol idi.  “Azərbaycanfilm”də çəkilişlərdən sonra özbək aktrisa Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsilini başa vuraraq Özbəkistanda ilk qadın sənədli kino rejissoru olub, Özbəkistanın Əməkdar artisti fəxri adına layiq görülüb, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü seçilib...

Digər baş rolun ifaçısı, həkim ailəsində böyümüş Arif Mirzəquliyevin sənət tərcümeyi-halında isə Kamil obrazı ilə yanaşı, daha bir filmdə – “O olmasın, bu olsun” ekran əsərində (1956-cı il) Sərvər rolu olub. O da Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa başlamış, amma atasının təkidi ilə sonradan Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və nevropatoloq ixtisasına yiyələnmişdi. Beləliklə, o, gələcək həyatını həkimlik fəaliyyətinə həsr edib və tamaşaçıların yaddaşında əbədi olaraq məhz bu iki obraz ilə qalıb. 

Gənc rejissor Tofiq Tağızadə filmdə parlaq və qeyri-adi bir komanda toplaya bilib. Ssenari Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ssenaristlik fakültəsinin məzunu Ədhəm Qulubəyov və Nina Pozina tərəfindən qələmə alınıb.

Görkəmli bəstəkar Tofiq Quliyevin yazdığı, süjeti ahəngdar şəkildə müşayiət edən, komediya filminin emosional qavrayışını gücləndirən musiqi materialı personajların daxili aləminin açılmasında mühüm rol oynayıb. Onun musiqisi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən lentə alınıb, nəğmələri isə artıq o dövrdə populyar müğənni kimi tanınan Şövkət Ələkbərova və opera səhnəsinin yüksələn vokal ulduzu Lütfiyar İmanov ifa ediblər.

Quruluşçu rəssamlar Cəbrayıl Əzimov və Elbəy Rzaquluyev olublar, sonradan onlar daha bir neçə film üzərində birlikdə çalışaraq yaradıcılıq və kinematoqrafiya tandemi yaradıblar.

Kamera arxasında peşəkar operatorlar – İkinci Dünya müharibəsi illərində kinokameralardan ayrılmayan, o zamanlar operatorlar qrupunun tərkibində “Xəzər neftçiləri haqqında povest” sənədli filminə (1953-cü il) görə Kann kinofestivalı mükafatının laureatı olmuş Teyyub Axundov və Cavanşir Məmmədov olublar. Onlar ilhamla təbiət mənzərələrini, kənd həyatını təsvir edərək ətrafla bağlı romantik ab-hava yaradıb və rejissorun fikirlərini tamaşaçıya dəqiqliklə çatdırıblar. 

Kadr kompozisiyasının ustalığı, işıq effektlərindən məharətlə istifadə və məkan çəkilişləri filmin uğur qazanmasının əsas səbəbləridir. Filmdə, ilk növbədə, məkan çəkilişindən istifadə olunsa da, studiyada hazırlanmış dekorasiya dizaynları – iş otaqları, mənzillər, interyer əşyaları, mebel tərtibatı işıqdan məharətlə istifadə etməklə vəhdətdə hər bir personajın əhvali-ruhiyyəsini dəqiqliklə çatdırır. 

Aktyor heyətinə gəlincə... O vaxtlar “İkinci dərəcəli Stalin mükafatı” laureatı olmuş, dörd il sonra isə Azərbaycan SSR Xalq artisti fəxri adını almış Leyla Bədirbəyli (Bilqeyis), İkinci Dünya müharibəsi iştirakçısı, Xalq artisti Həsənağa Salayev (Musa), 1959-cu ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülən Münəvvər Kələntərli (Münəvvər), Əməkdar artist, dörd ildən sonra Xalq artisti fəxri adını almış Əliağa Ağayev (Şıxəli), Xalq artisti Ağahüseyn Cavadov (Əbülfəz) və başqa görkəmli aktyorların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Üstəlik, Əliağa Ağayev və Barat Şəkinskaya üçün “Görüş” filmi kinoda debüt idi.

Qeyd edək ki, film hələ 1941-ci il üçün kinostudiyanın planına daxil edilmişdi, lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar çəkilişlər təxirə salınmışdı. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 nömrəli qərarı ilə “Görüş” filmi Azərbaycan Respublikasının dövlət varidatı elan edilmiş filmlərin siyahısına daxil edilib.

Mənbə: AZƏRTAC