Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik, “Elm” nəşriyyatının isə 100 illik yubileylərinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” çapdan çıxıb.

AMEA-dan bildirilib ki, “Elm” nəşriyyatı tərəfindən çap edilən kitab Azərbaycanda biblioqrafiyalaşdırma praktikasında sahəvi biblioqrafik vəsaitlərin biblioqrafik göstəricisinin hazırlanması istiqamətində ilk təşəbbüsdür.

Biblioqrafiyanın elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, tərtibçisi “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.

Nəşr “Elm” nəşriyyatının 100 illik yubileyi ilə bağlı AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq olunmuş Tədbirlər planı çərçivəsində hazırlanıb.

Kitabda ötən əsrin ortalarından indiyədək işıq üzü görmüş AMEA-nın həqiqi və müxbir üzvlərinə həsr olunmuş biblioqrafik vəsaitlər barədə məlumatlar sistemli şəkildə toplanıb. Göstəricidə materiallar xronoloji ardıcıllıqla, onun daxilində isə şəxsi göstəricilərin adları əlifba sırası ilə təqdim edilib, istifadəni asanlaşdırmaq üçün soraq-axtarış aparatı tərtib olunub. Nəşrin əsas məqsədi elmi biblioqrafiyadan səmərəli istifadəyə şərait yaratmaq, ölkədə biblioqrafik repertuarın formalaşmasına töhfə verməkdir.

Kitab elmi tədqiqatçılar, kitabxanaçılar, biblioqraflar, eləcə də elm tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.