Xəbər verildiyi kimi, Ukraynada müharibədən əziyyət çəkən uşaqlardan ibarət daha bir qrup (30 nəfər) reabilitasiya tədbirlərinə cəlb olunmaq üçün Azərbaycana gətirilib. Onlar üçün maraqlı mədəni proqram da tərtib edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə reabilitasiya tədbirlərinə cəlb edilən uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Arxeoloji Mərkəzində ekskursiyada olublar.
Qoruqdan bildirilib ki, qonaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov ukraynalı uşaqlara qoruq və mərkəz barədə ətraflı məlumat verib.
Uşaqlar “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” sənədli filmini izləyiblər. Onlara xatirə hədiyyələri təqdim edilib.
Sonra Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun tarixi məkanları - Səlbir və Qala ərazilərindəki arxeoloji qazıntı sahələri ilə tanışlıq olub. Uşaqlara aparılmış arxeoloji qazıntılar və aşkarlanan tapıntılar barədə məlumat verilib.