23 iyul – 2 avqust tarixlərində İordaniyada 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı (The 39th annual Jerash Festival for Culture and Arts) keçirilir.

Kral II Abdullahın himayə etdiyi ənənəvi festival İordaniya Mədəniyyət Nazirliyinin tərəfindən bu il “Burada İordaniya... və onun şərəfi davam edir” şüarı ilə təşkil edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tarzən İbrahim Babayevin musiqi qrupu və Dövlət Rəqs Ansamblının solistləri festivalda ölkəmizi təmsil edir.

Festival çərçivəsində İbrahim Babayevin rəhbərliyi ilə hazırlanmış “MughaMix” musiqi layihəsinin təqdimatı olub. Qədim Caraş şəhərinin mərkəzi meydanında keçirilən konsertdə İ.Babayev (tar), Anar Vəlizadə (balaban) və Vəfadar Ramizin (nağara) ifasında Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından “Fantaziya”, H.Həsənovun “Unuda bilmirəm” əsərləri, “Xarıbülbül” və “Sarı gəlin” Azərbaycan xalq mahnıları səsləndirilib.

Konsertdə, həmçinin İ.Babayevin “MughaMix”, “Dance in the Sky” və “17.17” əsərləri ifa olunub.

Bundan əlavə, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən “Yaylıq” xalq rəqsi, V.Mustafazadənin “Dance” əsəri və musiqiçi üçlüyünün iştirakı ilə səhnələşdirilmiş “Azərbaycan rəngləri” (Colors of Azerbaijan) kompozisiyası təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 1981-ci ildə əsası qoyulan Caraş festivalı bu il 35 ölkədən nümayəndə heyətlərini bir araya gətirib. Festival proqramına 230-dan artıq tədbir, o cümlədən poeziya gecələri, müxtəlif xalqların musiqi və folklor ansambllarının çıxışları, eləcə də “Caraş ümidləri” adlı karikatura, təsviri sənət, xəttatlıq və ədəbiyyat günləri daxildir.

Ölkəmizdən ifaçı və kollektivlər 2009, 2012, 2014 və 2021-ci illərdə Caraş festivalında uğurla iştirak ediblər.