XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Kamera musiqisi axşamında Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Gülnaz İsmayılova (soprano) maraqlı proqrala çıxış ediblər.

Konsertdən əvvəl Ülviyyə Hacıbəyova dahi bəstəkarın yaradıcılığından söz açıb və ifa olunacaq əsərlər barədə qısa məlumat verib. Xalq artisti deyib: “Mən həmişə Üzeyir Hacıbəylini “dahilərin dahisi” adlandırmışam. Xalqımız da onu belə qavrayıb və qəbul edib. Çünki Üzeyir Hacıbəyli yalnız bir sahədə deyil, mədəniyyətimizi əhatə edən bir çox sahədə dahi statusunu qazanıb. O, həm böyük dramaturq, publisist, həm də musiqişünas, bəstəkar, böyük vətəndaş olub”.

Proqamda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, “Koroğlu” operasından Nigarın ariyası, “Uvertüra”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən "Vals", Soltan Hacıbəyovun “Nəğmə”, Qara Qarayevin iki prelüdü, Arif Məlikovun “Güllər”, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası, Tofiq Quliyevin “Sevincim Bakı”, Niyazi Hacıbəyovun “Rast” simfonik muğamından fraqmentlər, “Arzu”, Fərhad Bədəlbəylinin “Ave Maria” və digər bəstəkarların əsərləri səsləndirilib.