Şəki Dövlət Dram Teatrında mövsümün bağlanışı münasibətilə görkəmli rus yazıçısı Anton Çexovun “Qu quşunun nəğməsi” pyesi əsasında hazırlanan tamaşaya ictimai baxış olub.
Teatrdan verilən məlumata görə, tamaşaya Xalq artisti, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyası Səhnə sənətləri kafedrasının professoru Cahangir Novruzov quruluş verib. Quruluşçu və geyim üzrə rəssam Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Birpərdəli tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə və Əbülfət Salahov oynayıblar.
İctimai baxışında Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova və digər qonaqlar iştirak ediblər.
A.Çexov “Qu quşunun nəğməsi” pyesini özünün 1886-cı ildə çap olunan "Kalxas" hekayəsi əsasında qələmə alıb. Müəllifin 1888-ci ildə Moskvadakı İmperator Teatrına təqdim etdyi pyesin iki personajı var: qocaman komediya artisti Vasili Svetlovidov və sufyor Nikita İvanıç.
Əsərin süjeti qocaman artistin benefis tamaşasından sonra yatıb yuxuya qaldığı və gecəyarısı oyandığı teatrda yaşadığı illəri xatırlaması, teatrla bağlı həyatı, ölüm, sevgi, istedad, səhnə eşqi barədə qoca suflyorla dərdləşməsi üzərində qurulub.
Bir çox dillərə tərcümə olunan, müxtəlif ölkələrdə tamaşaya qoyulan və ekran həyatı yaşayan əsərə Şəki teatrında verilən səhnə yozumu sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
Tamaşa Azərbaycan və Şəki teatrının fədailərinə ithaf edilib.
Nümayişdən sonra Xalq artisti Cahangir Novruzov səhnəyə çıxaraq ömrünü teatra həsr etmiş yaradıcı insanlarla bağlı xatirələrini bölüşüb.
Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından Cahangir Novruzova xatirə hədiyyəsi təqdim edilib.