Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Şəki Heydər Əliyev Mərkəzində uşaqların asudə vaxtının səmərəli təşkili və yaradıcılıq bacarıqlarının inkişafı məqsədilə rəsm üzrə ustad dərsi təşkil olunub. Rəssam Aysel Mustafazadənin keçdiyi dərsdə iştirakçılara rənglərin uyğunluğu, kompozisiyanın qurulması, ifadə vasitələrindən istifadə qaydaları barədə nəzəri və praktiki məlumat verilib, müxtəlif texnikalar nümayiş etdirilib.

Sonda uşaqların hazırladığı əl işləri nümayiş olunub və onlara təşəkkürnamələr təqdim edilib.

***

Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” şəhər Folklor evinin təşkilatçılığı ilə gənc rəssam Gülnar Məmmədlinin “Səssiz danışan rənglər” adlı fərdi sərgisi keçirilib.

Folklor evinin həyətində gerçəkləşən tədbirin əsas məqsədi gənc istedadların dəstəklənməsi, onların yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması, həmçinin Azərbaycanın mədəni irsinin təsviri sənət dili ilə ifadə olunmasına şərait yaratmaqdır.

Müəllif əl işlərində milli dəyərləri və zəngin irsi rənglərin dili ilə əks etdirməyə çalışıb. Sərgi maraqla qarşılanıb.

***

RMİ-nin tabeliyindəki Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Kiçik əllərin möcüzəsi” adlı tədbir keçirilib.

Məqsəd reabilitasiya keçən uşaqların dünyagörüşünü, duyğularını və mövzuya yanaşma tərzini əl işləri vasitəsilə üzə çıxarmaq, onların yaradıcı istiqamətdə inkişafına dəstək olmaqdır.

Tədbir çərçivəsində Qəbələ Regional Reabilitasiya Mərkəzində reabilitasiya keçən uşaqların əl işləri nümayiş etdirilib. Uşaqlar şeirlər söyləyiblər.

 Hazırladı: N.Məmmədli