Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir.

İyulun 26-da axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində Bakı Kamera Orkestrinin və Xalq artisti, xanəndə Nəzakət Teymurovanın iştirakı ilə növbəti konsert olub.

Orkestri bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov idarə edib.

Nəzakət Teymurovanı kamera orkestri ilə yanaşı Əməkdar artistlər Əliağa Sədiyev (tar), Xəyyam Məmmədov (kamança), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara), Çinarə Heydərova (qanun), Qalib Həşimov (ud), Eyvaz Həşimov (qoşa nağara), Hüsaməddin Əzizov (bəm nağara), respublika və beynəlxalq müsabiqələr laureatı Cəmil Sədizadə (piano) müşayiət ediblər. 

***

İyulun 26-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində daha bir konsert proqramı Bakı Musiqi Akademiyası tələbələrinın ifasında təqdim olunub.

Kamera musiqisi axşamında Aysun Mahmudzadə (soprano), Əli Hüseynli (piano), Özcan Cabbari (violin), Rüfət Məmmədov (zərb alətləti), Zərrin Əliyeva (piano), Cəlalə İsmayılzadə (violençel), Rəşad Abdullayev (fleyta), Qəmər Kərimli (violin), Anar Məmmədov (zərb alətləri), İlkin Məmmədov (saksafon) və Hidayət Sadıqbəylinin (piano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Proqramda Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Firəngiz Əlizadə, H.Rzayev, E.Afrasiyab, həmçinin E.Qriq, A.Fişer, J.İber, P.Sarasate, S.Raxmaninov və digər bəstəkarların, BMA tələbələrinin əsərləri səsləndirilib.