Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illik yubileyinə həsr olunmuş konfrans və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçirilib.

AYB sədri Xalq yazıçısı Anar çıxış edərək Bəxtiyar Vahabzadənin poetik yaradıcılığında Azərbaycan istiqlal tarixinin əks olunması barədə fikirlərini bölüşüb, şairin “Gülüstan” poemasının milli ruhun oyanışında mühüm rol oynadığını qeyd edib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti  Aktotı Raimkulova Bəxtiyar Vahabzadəni ümumtürk tarixinin böyük şairi adlandırıb. “Bəxtiyar olmaq bir missiyadır”, – deyə o vurğulayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Bəxtiyar Vahabzadənin poetik irsindən söz açıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Bəxtiyar Vahabzadənin elmi və ədəbi yaradıcılığının vəhdətindən bəhs edib.

Yazıçı-dramaturq Əli Əmirli, eləcə də qonaqlar – Adnan Özər (Türkiyə), Atilla Balaş (Macarıstan), Nikoale Spataru (Moldova) və başqa çıxış edənlər Bəxtiyar Vahabzadənin yaradıcılığına dair fikirlərini bölüşüblər.