Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi (RMİ) və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda konsert proqramı təqdim olunub.
Biləsuvar rayonunun icra başçısı Faiq Qürbətov, Şirvan-Salyan RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Emin Mustafayev, rayonun idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri tədbirə qatılıblar.
Respublikanın tanınmış incəsənət ustaları və yerli solistlərin rəngarəng ifaları maraqla qarşılanıb.
***
Şirvan Dövlət Rəsm Qalereyasında Azərbaycanın görkəmli heykəltəraşı, Xalq rəssamı Fuad Əbdürrəhmanovun (1915-1971) anadan olmasının 110-cu ildönümünə həsr olunan “Plastika ahəngi” adlı tədbir keçirilib.
Sənətsevər yeniyetmələrin və gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan heykəltəraşlıq məktəbi haqqında söz açıb, bu sahənin inkişafında Fuad Əbdürrəhmanovun müstəsna xidmətlərini vurğulayıblar.
Sənətkarın zəngin yaradıcılıq yolu barədə mühazirə təqdim olunub.
***
14 iyul – Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk dəfə gəlişinin 56-cı ildönümü münasibətilə Şirvan şəhər və Hacıqabul rayon Heydər Əliyev mərkəzləri, həmçinin Neftçala rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə sərgi, dəyirmi masa və tədbir keçirilib.
Tədbir çərçivəsində təşkil olunan fotosərgidə Ümummilli liderin ilk hakimiyyət dövrünə və sonrakı illərdəki siyasi fəaliyyətinə dair arxiv fotolar nümayiş olunub. Ulu öndərin həyat və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Hazırladı: N.Məmmədli