Tarixdəki olaylar
17 iyul 1453 – Avropa tarixində ən uzun savaş – Fransa ilə İngiltərə arasındakı “Yüzillik müharibə” (1337–1453, fasilələrlə) başa çatıb. Bordo yaxınlığındakı son döyüşdə Fransa qüvvələri ingilis qoşunlarını məğlub edib. Müharibənin yekunlarına dair formal sülh razılaşması imzalanmadı. Bununla belə, İngiltərə Fransada ələ keçirdiyi əraziləri itirdi.
17 iyul 1920 – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri (iyun 1918 – dekabr 1918) olmuş Behbud ağa Cavanşir İstanbulda erməni terrorçu Misak Torlakyan tərəfindən qətlə yetirilib.
17 iyul 1945 – Berlin yaxınlığındakı Potsdam şəhərində faşist Almaniyası üzərində qələbənin və II Dünya müharibəsinin nəticələrinə dair beynəlxalq konfrans işə başlayıb. Potsdam konfransında üç qalib dövlətin – SSRİ, ABŞ və Britaniyanın liderləri İosif Stalin, Harri Trumen və Vinston Çörçill iştirak edirdi. Konfransda Almaniyanın sektorlara bölüşdürülməsi razılaşdırıldı.
17 iyul 1973 – Əfqanıstanda monarxiya devrilib, Məhəmməd Zahir şah taxt-tacdan əl çəkib və mühacirətə (İtaliyaya) gedib. Sonrakı illərdə Əfqanıstanda fərqi təmayüllü siyasi rejimlər (o cümlədən 10 ildən artıq SSRİ-nin yönəltdiyi rejim) bir-birini əvəz etsə də, ölkədə sabitlik indiyədək bərqərar olmadı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
17 iyul 1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 – 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvilər dövlətini qurub. “Xətai” təxəllüsü ilə şeirlər yazıb, “Dəhnamə” poemasının müəllifidir.
17 iyul 1588 – Türk memarlıq tarixinin görkəmli nümayəndəsi Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1490–1588) vəfat edib. Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi və s. tikililərin müəllifidir.
17 iyul 1846 – Rus alimi, səyyah və etnoqraf Nikolay Mikluxo-Maklay (1846–1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.
17 iyul 1888 – İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966) Samuel Aqnon (Samuel Josef Agnon; 1888 – 17.2.1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.
17 iyul 1889 – Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889 – 11.3.1970) anadan olub. 100-dən artıq romanın müəllifidir.
17 iyul 1898 – Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898–1976) Bakıda doğulub. 1923-cü ildə həbs edilib, 10 il həbs və sürgündən sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib, Ankarada dəfn olunub.
17 iyul 1953 – Xalq artisti Telman Abbasqulu oğlu Adıgözəlov (1953 – 15.4.2010) Balakən rayonunda doğulub. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. Filmlərdə (“Anlamaq istəyirəm”, “Günaydın, mələyim!” və s.) çəkilib.
17 iyul 2022 – Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova (28.11.1939 – 2022) vəfat edib. Müxtəlif janrlarda əsərlərin (“Vətən şəhidləri” kantatası, “Əhvali-ruhiyyələr”, “Azərbaycan təranələri” və s.) müəllifidir.
Hazırladı: Vüqar Orxan