Tarixdəki olaylar
15 iyul 1841 – Londonda İstanbul boğazları (Aralıq və Qara dənizləri birləşdirən Bosfor (Boğaziçi) və Çanaqqala (Dardanel) boğazları) haqqında konvensiya imzalanıb. Osmanlı imperiyası, Britaniya, Fransa, Rusiya, Prussiya və Avstriya arasında imzalanan sənədə əsasən, boğazlardan xarici gəmilərin keçməsinə icazəni ancaq Osmanlı dövləti verə bilərdi.
15 iyul 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb.
15 iyul 1992 – Prezident Əbülfəz Elçibəy Azərbaycanın milli valyutasının – manatın dövriyyəyə buraxılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan manatı 1992-ci il avqustun 15-də dövriyyəyə buraxıldı. 2006-cı il yanvarın 1-dən Prezident İlham Əliyevin fərmanı ilə denominasiya həyata keçirildi və köhnə manatlar yeni dizaynlı əskinaslarla (1 AZN = 5000 manat nisbətində) əvəz olundu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
15 iyul 1606 – Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn; 1606 – 4.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması” və s.
15 iyul 1901 – İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano; 1901–1990) anadan olub.
15 iyul 1919 – İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch; 1919–1999) anadan olub. “Tor altında”, “Dəniz, dəniz”, “Mələklər zamanı”, “Qara şahzadə” və s. romanların müəllifidir.
15 iyul 1924 – Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924–2000) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (rejissor Tofiq Tağızadə) çəkilib.
15 iyul 1925 – Xalq artisti, müğənni-pianoçu, professor Rauf İsrafil oğlu Atakişiyev (1925 – 3.2.1994) Bakıda anadan olub. 1953-cü ildən Akademik Opera və Balet Teatrının solisti olub, bir çox xarici ölkələrdə çıxış edib.
15 iyul 1926 – Xalq artisti Sədayə İsmayıl qızı Mustafayeva (1926 – 13.8.2004) Şəkidə anadan olub. Şəki, Gəncə Dram teatrlarında çalışıb, filmlərdə (“Mən ki gözəl deyildim”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət” və s.) yaddaqalan obrazlar yaradıb.
15 iyul 1928 – Tanınmış tərcüməçi Mehdi Mirkişi oğlu Mirkişiyev (1928–1992) Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olub. Rus dilindən çoxsaylı ədəbi tərcümələr edib.
15 iyul 1930 – Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev (1930 –14.12.2015) anadan olub. “Bakı-90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Filarmoniyanın bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.
Hazırladı: Vüqar Orxan