Tbilisi Dövlət Rəssamlıq Akademiyasının böyük sərgi salonunda gənc azərbaycanlı rəssamların “Palitra inteqrasiya” adlı sərgisi açılıb.
Tbilisi Dövlət İncəsənət Akademiyası, İnkişaf və Təhsil Mərkəzi və Gürcüstan İncəsənət Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan sərgidə Marneulidəki “Tea House” rəsm kursu, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, “Rizvan İsmailov Studio”, “Borçalı Carpet & Art”, “Saral" İnkişaf və Təhsil Mərkəzi və “Parlaq Gələcək" Gənclər Mərkəzi gənc rəssamlarının 100-ə yaxın əl işi nümayiş etdirilib.
Açılışda çıxış edənlər layihənin əhəmiyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sərginin əsas məqsədi regionlarda yeniyetmə və gənclərin incəsənətə marağını artırmaqdır. Yeniyetmə və gənclər 2018-ci ildən ənənəvi olaraq keçirilən sərgidə aktiv iştirak edirlər. Bildirilib ki, bugünkü sərgidə 50-yə yaxın rəssamın 100-dək əsərinin nümayiş olunması sübut edir ki, gənclərimizin bu sahəyə marağı ildən-ilə artır.
Sonra sərgidə təmsil olunan mərkəzlər “İncəsənətin regionda inkişafına verdiyi töhfəyə görə” mükafatı ilə təltif olunublar.