Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Opera Günləri təşkil olunub.

İyunun 6-da başlanan və rəngarəng proqramlarla davam edən layihə iyulun 10-da açıq havada, Dənizkənarı Milli Parkda möhtəşəm konsertlə yekunlaşıb.

Opera və Balet Teatrının və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkil etdiyi bağlanış konsertini Bakı sakinləri və şəhərimizin qonaqları böyük maraqla izləyib və sürəkli alqışlarla qarşılayıblar.

Əməkdar artist Əyyub Quliyevin dirijorluq etidiyi orkestrin müşayiəti ilə vokalçılar tərəfindən Tofiq Quliyevin “Vals”, İohann Ştrausun “Radetski Marşı”, Romano Musumarranın “Luna Tu”, Françesko Sartorinin “Time to Say Goodbye” əsərləri və digər musiqi nömrələri səsləndirilib.

Konsertin iştirakçıları Opera Günləri ilə bağlı təəssüratlarını media mənsubları ilə bölüşüblər.

Tədbirin əsl bayram ab-havasında keçdiyini bildirən Xalq artisti Fidan Hacıyeva: “Bu gün mən səhnədə məşhur “Karmen” operasını səsləndirəcəyəm. Bu çıxış çoxsaylı tamaşaçıların istəyi ilə reallaşır və mənim üçün böyük bayram anlamı daşıyır. Opera musiqisi dinləmək əsl zövqdür. Artıq ikinci ildir ki, mənim təşəbbüsümlə Opera Festivalı təşkil olunur. Belə tədbirlərin mütəmadi keçirilməsi vacibdir, çünki həm sənətsevərlərin marağını artırır, həm də klassik musiqi irsimizi yaşadır. Opera Günləri üçün uğurlu repertuar seçilib”.

Opera Günlərinin Azərbaycanda ilk dəfə keçirilməsinin sevindirici olduğunu diqqətə çatdıran Xalq artisti Azər Zeynalov deyib: “Layihə həm məzmun, həm təşkilatçılıq baxımından uğurludur. Ən çox qürur verən məqam insanların opera musiqisinə maraq göstərmələri və bu sənətə olan diqqətin artmasıdır”.