Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq Elmi-praktiki konfrans keçiriləcək. 

ADMİU-dan verilən məlumata görə, konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar dəvət edilir.

Qeyd edək ki, ənənəvi konfrans ADMİU-da 2002-ci ildən təşkil edilir. Konfransın məqsədi türk xalqlarının bədii mədəniyyətinin tədqiqi sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və  elmi informasiya mübadiləsidir. Hər il yaxın-uzaq ölkələrin müxtəlif tədris və elm ocaqlarında çalışan neçə-neçə mütəxəssis Bakıda bir növ ötən ilin elmi hesabatını verir. 

Builki konfransın mövzu dairəsi aşağıdakı istiqamətləri əhatə edir:

Üzeyir Hacıbəyli – 140. Türk xalqlarının musiqisi bədii fenomen kimi;

Ənənəvi musiqi janrları müasir elmi paradiqmanın tədqiqat obyekti kimi;

Türksoylu xalqların bədii mədəniyyətinin araşdırılması problemləri.

Konfransın proqramına daxil ediləcək məruzələr 5 aprel 2025-ci il tarixindən gec olmayaraq aşağıda qeyd olunan e-mail ünvana göndərilməlidir: turksoylu2025@gmail.com

Məruzələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.