Gəncə Dövlət Filarmoniyasının təşəbbüsü ilə gerçəkləşən Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı martın 9-da başa çatıb. Festivalın bağlanış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Xalq artisti Murad Hüseynov festivalın əhəmiyyətindən danışıb. O, Gəncə Dövlət Filarmoniyasının 90 illik yubileyi münasibətilə musiqi ictimaiyyətini təbrik edib.

Bağlanış konsertində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Xalq artistləri Gülnaz İsmayılova, Şahnaz Haşımova, Sevinc İbrahimova, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Aybəniz Haşımova, Ehtiram Hüseynov, Tural Abdullayev, Səidə Tağızadə (fortepiano), Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rüstəm Cəfərov çıxış ediblər.

Proqramda Fikrət Əmirovun "Azərbaycan elləri", "Sevil" operasından Dilbərin mahnısı, "Gözün aydın" musiqili komediyasından parça, "Dağlar qızı reyhan", "Kor ərəbin mahnısı", "Mən səni araram" mahnıları, "Evləri var xana-xana" xalq mahnısı, "Ulduz" romansı, "Fortepiano və orkestr üçün ərəb mövzularında konsert" (I hissə) səsləndirilib.

Orkestrin ifasında bəstəkarın "Azərbaycan süitası", "Azərbaycan kapriççiosu" kimi möhtəşəm əsərləri də tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, martın 4-dən 9-dək davam edən Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, əsərlərindən ibarət konsert proqramları, "Sevil" operası, "Min bir gecə" baleti təqdim olunub.