Azərbaycan təsviri sənətində zaman-zaman böyük ustadlar yetişmiş, onlar da öz tələbələrinə yol göstərərək gələcəyin uğurlu rəssamlarını yetişdirmişlər. Görkəmli sənətkarlardan dərs alaraq bugünkü incəsənətimizi təmsil edən istedadlı gənclərdən biri də Elnarə Xanlarovadır.

Elnarə İslam qızı Xanlarova 1987-ci ildə Bakıda anadan olub. Fikrət Tağıyev adına 72 saylı tam orta məktəbdə və 1 saylı Bakı Peşə liseyində təhsil alıb. Kiçik yaşlarından rəssamlığa maraq göstərən Elnarə sənətin sirlərinə bələd olmaq üçün rəssam Məzahir Rüstəmovdan dərsləri almağa başlayır. Bu sahədə uğurlara nail olduqca peşəkar rəssamlıq təhsili almağın vacibliyini də dərindən anlayır. 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinə qəbul olunur. Akademiyada təhsil aldığı illərdə Arif Kazımov, Bəxtiyar Yusifov, Telman Abbasov kimi rəssamlardan bu sənətin incəliklərini öyrənir.

Gənc rəssam diplom müdafiəsi üçün “Kino və televiziya” mövzusunu seçir. Bu yolda ona Xalq rəssamı, kino, geyim və dekor rəssamlığı üzrə tanınmış sənətkar Mayis Ağabəyov böyük dəstək olur, yol göstərir. Elnarənin fransız yazıçısı V.Hüqonun “Səfillər” romanının mövzusu üzrə ərsəyə gətirdiyi tablo müəllim heyəti tərəfindən yüksək qiymətləndirilir.

Bu uğur və Mayis Ağabəyovun ona güvənib dəstək olması gənc qızın sənət yoluna daha həvəslə davam etməsində böyük rol oynayır. O, sərgilərdə iştirak etməyə başlayır, diplom və mükafatlara layiq görülür. 

Elnarə Xanlarova daim yaradıcılıq axtarışında olaraq rəssamlardandır. İstər kağız üzərində çəkdiyi qrafik əsərlərdə, istərsə də kətan üzərinə həkk etdiyi yağlı boya, akril texnikalı əsərlərində bunu hiss etmək olur. Əsərlərində kolorit zənginliyinə xüsusi diqqət yetirir. “Sübh çağı”, “Kəlağayı”, “Zəfər tağı”, “Bahar müjdəli natürmort”, “Gövhər ağa məscidi”, “Şərq sənəmləri”, “Sevgi nəğməsi”, “Ağoğlan monastırı”, “Balıqçılar evi“, “Avtoportret” və s. əlvan koloriti və maraqlı süjet xətti ilə seçilir. Rəssam sadə və mürəkkəb kompozisiyalı əsərlərində işıq-kölgə effektlərindən uğurla istifadə edir. Təbiət təsvirləri və insan obrazları şən əhval-ruhiyyəli, olduqca nikbin və gözəldir.

Elnarə vaxt tapdıqca rəssam dostları ilə plenerlərə qatılaraq gördüyü canlı, füsunkar təbiətin gözəlliklərini, əlvan günəşi, göy üzünü, mavi buludları, yam-yaşıl ağacları zəngin rənglərin ahəngi ilə təsvir edir. 2018-ci ildə onun “Başlanğıc” adlı kataloqu nəşr olunub və sərgisi keçirilib. Gənc rəssam bir müddət İçərişəhərdə yerləşən “Medina Gallery”də fəaliyyət göstərib.

İnanırıq ki, sənətdə öz yolunu tapmağı bacaran Elnarə Xanlarovanın əsərləri gələcəkdə bir çox qalereyaların, muzeylərin ekspozisiyalarını bəzəyəcək.

 

Ziyarət Cabarova-Qəhrəmanova

sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi