M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində musiqi sənətinin incə çalarlarını özündə birləşdirən “Səslərin güzgüsü” adlı piano gecəsi təşkil olunub.
Konsert proqramında istedadlı pianoçular Tutu Aydınoğlu (Türkiyə) və Camalə Abdinzadə (Azərbaycan) çıxış ediblər.
Tədbirin aparıcısı Renara Şəmsiyeva ifaçıların musiqi karyerası və yaradıcılıq uğurları haqqında tamaşaçılara geniş məlumat verib. Ardınca pianoçuların ifasında klassik və müasir musiqi nömrələri səsləndirilib.
Proqramda F.Listin 2 (cis-moll, S.244) və 5 (e-moll, S.244) saylı “Macar rapsodiyası”, D.Şostakoviçin iki piano üçün "Konsertino", A.Marquezin 2 saylı “Danzon”, C.Saint-Seansın "Heyvanların karnavalı" süitası təqdim olunub.
Konsertin xüsusi məqamlarından biri isə Marina və Eva Sosninanın təqdim etdiyi qum animasiyası olub. Musiqi ilə harmoniya təşkil edən bu vizual sənət növü tamaşaçılara unudulmaz duyğular bəxş edib.
Tamaşaçıların gurultulu alqışları ilə səhnəyə dönən pianoçular Niyazinin “Qaytağı” (iki piano üçün işləyəni Pikə Axundova) əsərini dinləyicilərə təqdim ediblər.