Xalq şairi,dramaturq, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin (1924-2007) 100 illik yubileyi ötən il dövlət səviyyəsində geniş qeyd olundu. Yubiley tədbirləri bu il də davam edir.
Şirvan şəhər Mədəniyyət Mərkəzində "Şeir mənim üçün bir kainatdır" adlı tədbir keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən tədbirdə şəhər icra hakimiyyəti, YAP Şirvan təşkilatının əməkdaşları, mədəniyyət işçiləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda Nəbi Xəzrinin Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynadığı bildirilib, dram əsərlərinin Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulduğu və müəllifinə şöhrət qazandırdığı vurğulanıb. Qeyd olunub ki, Nəbi Xəzri ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görüb.
Tədbirdə şairin şeirləri səsləndirilib, sözlərinə bəstələnən mahnılar ifa olunub, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda Nəbi Xəzrinin ömür yolundan və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.