
Görkəmli ədəbiyyatşünas, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə 24 fevral 2025-ci il tarixində, ömrünün 71-ci ilində uzunsürən xəstəlikdən vəfat edib.
Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba rayonunun İspik kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirib. 1982-ci ildə namizədlik (fəlsəfə doktorluğu), 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.
"Ədəbi proses - 78" (1980 şərikli) "Ədəbi mübahisələr" (1986), "Azərbaycan ideologiyası" (1996), "Azərbaycan ədəbiyyatşünaslığı" (1997), "Türk təfəkkürü məcrasında" (1998), "Hıçqıran gülüşlər" (2002), "Əli Nazim" (2003), "Rejissor taleyi" (2004), "Tənqidin ədəbi prosesdə rolu" (2004), "Böyük nəslin davamçısı" (2005), "Azərbaycançılıq" (2006), "Ədəbi proses və ədəbi nəsil" (2008 şərikli) "Yazıçı ömrünə uvertüra" (2010), monoqrafıyalarının, "Əgər onlar olmasaydı" (2015) ədəbi-tənqidi məqalələr toplusunun müəllifidir.
Bədii yaradıcılıqla da məşğul olan alimin "Mən kiməm" (2015) adlı sənədli-fəlsəfi ömürnaməsi, "Bürkü" (2003) hekayələr, "Tüstü" (2007) hekayələr və şeirlər, "Duman" (2010) şeirlər, "Müdriklər bunları deməyib" (2014) kəlamlar, "Səma" (2014) şeirlər, "Sonuncu daxma"(2014) hekayələr və esselər kitabları işıq üzü görüb.
Nizaməddin Şəmsizadə uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsində işləyib.
Alim 2010-cu ildə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Dövlət mükafatına (müştərək), 2019-cu ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.