
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
Tarixi abidələr – məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatıblar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür.
Azərbaycanda da nadir tarixi memarlıq abidələri – Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Qız qalası, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd və digər qalalarımız, Möminə xatın, Yusif Küseyir oğlu, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhər ağa məscidi, eləcə də Şirvanşahlar sarayı, Şəki xan sarayı və s. qədim abidələr var.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, tarixi abidələrimiz haqqında məlumatlar, eləcə də mövzu ilə əlaqəli materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_abideler_ve_Tarixi_Yerler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.