Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi qeyd olunur. İl ərzində dahi bəstəkarın doğulduğu Gəncə şəhəri də rəngarəng tədbirlərə ev sahibliyi edəcək.
Aprelin 16-da Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü və “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında əlamətdar yubileylə əlaqədar ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin üzvləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, bir sıra müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanında yerləşən abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər. Gəncənin Şəhidlər xiyabanı və Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhəri raket atəşinə tutması nəticəsində dağılan ərazi də ziyarət edilib.
Sonra görkəmli bəstəkarın 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə filarmoniyada davam edib.
Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin direktoru Aynur Şixiyeva ədəbi-bədii yubiley gecəsinin iştirakçılarını salamlayaraq sözü musiqişünas, Əməkdar mədəniyyət işçisi, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin sədri Səadət Təhmirazqızına verib. O, Fikrət Əmirovun zəngin musiqi irsindən söhbət açıb.
Gəncə RMİ-nin rəisi Vasif Cənnətov çıxış edərək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Nizami yurdu Gəncəyə olan xüsusi diqqət və qayğısından danışıb və dövlət başçısının Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi barədə sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə həmçinin Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkili Pərvin Kərimzadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri Sahil Quliyev və başqaları çıxış edərək dahi musiqiçinin zəngin sənət mirasından danışıblar.
Gecədə Gəncə filarmoniyasının “Göygöl” ansamblı və Gəncə Dövlət Kamera Orkestrinin müşayiəti ilə Fikrət Əmirovun musiqiləri təqdim olunub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə bəstəkarın fortepiano miniatürlərini ifa edib. Həmçinin Əməkdar artistlər Təhmiraz Şirinov, Babək Niftəliyev, Zemfira İsmayılova, Kəmalə Tağızadə, Xalq artisti Sevinc İbrahimova, vokalçı Elmir Pişnamazzadə, Əməkdar müəllim Naibə Şahməmmədova çıxış etdilər. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.